COVİD 19 pandemiyasında qazandığımız müsbət xarakterli vərdişlər və problemlərlə mübarizə

Yazar: Aygül Niyazlı

COVİD-19 ilə mübarizə tədbirləri çərçivəsində ölkə ərazisində bir çox məhdudiyyətlər tətbiq edilib. Nəticədə cəmiyyət olaraq mənfi və müsbət xarakterli əlamətlərimiz üzə çıxdı. Qazanılan müsbət xarakterli vərdişləri və problemləri necə izah edərdiniz?

Bütün həyatımız və vərdişlərimiz COVİD-19 pandemiyasına görə tamamilə dəyişdi. İş yerləri, idman salonları, alış-veriş mərkəzləri bağlıdır, evimizi təyin olunan saat limiti çərçivəsində tərk etmək icazəmiz var, parklar bağlıdır, gəzintilərimiz məhduddur və hər şeydən əvvəl şəxsi gigiyena hər zamankindən daha vacibdir. Bəs həyatımızdakı hər şeyin alt-üst olduğunu düşündüyümüz bir vaxtda həm fiziki, həm də mənəvi cəhətdən necə sağlam qala bilərik?

Məlumdur ki, fiziki və mənəvi cəhətdən sağlam qalmaq, müsbət vərdişlərə yiyələnmək gələcəkdəki “mənimiz” üçün çox önəmlidir. Ətrafımıza nəzər salsaq insanların əvvəlkindən daha çox əsəbi və səbrsiz olduğunu müşahidə edə bilərik. Bu da inananlarla ünsiyyət qurarkən problemlərə yol açır. Bundan əlavə, yaranmış stresli mühit yuxusuz gecələrə, həddindən artıq çox və ya az yeməyə, yersiz mübahisələr etməyimizə səbəb olur. Düşünürəm ki, stres səviyisini normal saxlamaq etməmiz gərəkən şeylərin siyahısında lap əvvəldədir.

İnsan beyni ətraf mühiti qavramaq və onun tələbləri əsasında özünü proqramlaşdırmaq kimi xüsusiyyətlərə malikdir. Bir anda iş yerlərimiz bağlandı və erkəndən qalxıb işə getmək, vaxtımızın çoxunu işə sərf etmək və ya digər gündəlik təkrarlanan fəaliyyətlərimiz artıq yoxdur. İlk başlarda istirahət etməyə və bu dövrü bir fürsət kimi dəyərləndirməyə zaman ayırsaqda, karantin rejiminin uzadılması bir müddətdən sonra sıxılmağımıza səbəb oldu. Belə olan halda vəziyyəti daim nəzarətdə saxlamaq üçün bir sıra müsbət vərdişlər əldə etdik. Həmin vərdişləri aşağıdakı kimi qruplaşdırmaq mümkündür:

1) Onlayn məşqlərə qoşulmaq.

Son 9 aydır ki, idman zallarının bağlı olması mütəmadi idmanla məşğul olanlar üçün problemlər yaratdı. Özümüzü müdafiə tədbirləri çərçivəsində idmanla məşğul olmaq ta uşaqlıqdan bizə aşılanmış vərdişlər siyahısındadır. Bəzi idman müəllimlərinin təşkil etdiyi onlayn dərslərə qoşularaq və ya müasir texnologiyanın təklif etdiyi xüsusi mobil tətbiqetmələrdən istifadə edərək fiziki sağlamlığımızı qoruya bilərik.

2) Meditasiya etmək.

Meditasiya, xüsusilə pandemiya ərəfəsində stresin öhdəsindən gəlməyə, bədən sağlamlığımızı gücləndirməyə, daha xoşbəxt olmağımıza və hüzurlu hiss etməyimizə səbəb olacaq möhtəşəm bir vasitədir. İnsanlar internet vasitəsilə araşdırma etməklə, həmçinin klublara qoşulmaqla meditasiya etməyi öyrənə və zehni cəhətdən rahatlıq tapa bilərlər.

3) Frilanser kimi işləmək.

İş yerlərinin bağlanması və ya edilən ixtisarlar nəticəsində sadəcə ölkəmizdə deyil, dünyanın hər yerində işsizlik problemi baş qaldırdı. Vaxtımızı səmərəli istifadə etməklə və bacarıqlarımızı dəyərləndirməklə az da olsa ailə büdcəsinə yardım edə bilərik. İnternetdə kifayət qədər frilans işlər tapa biləcəyimiz veb saytlar mövcuddur. Sadəcə həmin veb saytlarda qeydiyyatdan keçmək və uyğun iş imkanları taparaq müraciət etmək kifayətdir. Tərcüməçi kimi fəaliyyət göstərmək, sosial media hesabları üçün şəkil dizaynları etmək və s. tapa biləcəyimiz fəaliyyətlər siyahısındadır.

4) Yeni hobbilər qazanmaq.

Dostlarımızla bir araya gəlməyə imkanımız olmasada, sosial media hesabları vasitəsilə daim bir-birimizlə əlaqədəyik. Son dövrlərdə hər kəsin müxtəlif bacarıqları çərçivəsində yeni hobbilər qazandığını müşahidə edirik. Bəzi dostlarımız müxtəlif musiqi alətlərində ifa etməyi öyrənir, bəziləri rəsm çəkir, müxtəlif yeməklər bişirir, fərqli janrlarda kitablar oxuyur və s. Təbii ki, bu gördüklərimiz bizim üçün motivasiyaya çevrilir və biz də öz bacarıqlarımızı ortaya qoymağı qərara alırıq.

5) Özünü inkişaf fəaliyyəti.

İnsan hər zaman yeni şeylər öyrənməyə ehtiyac duyur. Bu, həm şəxsi inkişafımız, həm də müasir dövrlə ayaqlaşa bilməyimiz üçün vacibdir. Pandemiya ərəfəsində boş vaxtımızın bol olmasından istifadə edərək bu istiqamətdə uğurlu addımlar atmağa davam edirik. Dünyanın ən çox bəyənilən platformalarından olan “Udemy” karantin dövründə endirimli qiymətlər təklif etməklə özünü inkişaf etdirmək istəyən hər kəsə imkanlar yaratdı. Eyni zamanda dövlət səviyyəsində keçirilən tədbirləri də vurğulamaq lazımdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Coursera” platforması ilə bağladığı müqavilə seçilmiş 50.000 azərbaycanlı gəncin özünü inkişaf etdirməsi üçün atdığı addımlar çərçivəsində onlara kömək oldu. Bu və ya digər onlayn platformalara qoşulmaqla, dil bacarıqlarımızı inkişaf etdirməklə, müxtəlif kitablar oxumaqla özümüzü müsbət yöndə inkişaf etdirməklə yanaşı, yeni vərdişlər də qazanmış oluruq.

Yuxarıda qeyd etdiyimiz vərdişlər gələcəkdəki “mən”imiz üçün yatırım etmək məqsədli atılan addımlardan bir neçəsidir. Fiziki və mənəvi cəhətdən sağlam olmaq, bütün dünyanın bir yerdə apardığı mübarizədə qalib gəlmək üçün öz həyatımızı özümüz şəkilləndirməliyik.

Ədəbiyyat siyahısı

  1. https://www.sunshinehealth.com/member-coronavirus-information/create-positive-habits-covid-19.html
  2. http://fitret.az/meditasiya-nec%C9%99-edilir/

İlk Yorumu Siz Yapın

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir