Pandemiya dövründə qazanılan müsbət xarakterli vərdişlər və problemlər

Yazar: Henrietta Lincolen

Əgər biri çıxıb bir gün evdən çıxmaq üçün dövlətdən icazə alacaqsınız desə buna bütün qüvvəm ilə qəhqəhə atardım. Indi isə qəhqəhə atmağa ölkə üzrə nəinki haqqımız, gücümüz belə çatmır. Elə bil hamı gülüb danışmağa çəkinir. Ya da bəlkə gülürlər, sadəcə maskanın altından görünmür. Ölkə olaraq 2020də ağır zərbələr aldıq.

COVID-19. Yanvar ayının ilk günləri ailəmdə hamı xəstə idi. Üç yaşı yenicə tamam olmuş oğlum öskürür, 5 aylıq Munis isə yüksək hərarətlə savaşırdı. Həkim hər ikisinə inqalyasiya müalicəsi məsləhət görmüşdü. Nə olduğunu anlamadan fevralın ilk günlərində atamı itirdim. Qəfildən. Qırx mərasimini ən yaxın qohumlarla yola verib evə qapandıq.

Hər gün həyət bacada top oynayan oğlumu evə qapadmaq çətin oldu doğrusu. Ikidə bir bağça yoldaşlarının adını sayıqlayır, oyuncaq maşınlarına onların adlarını verib başını qarışdırırdı. Bununla belə qələm tutmağı öyrənib, şəkilləri rəngləməyə başladı. Qısa bir zaman ərzində bütün rəngləri tanıyırdı artıq.

Hər kəs bizim kimi şanslı deyildi amma. Evində çörəyi olmayanlar var idi. Bir dəfə zibil atmağa düşərkən bir qadının zibilliyi eşələdiyini gördüm. Məni görüb gizləndi. Üz vurmayıb qayıtdım. Ancaq çox mütəəssir olmuşdum. Əczaçı qadından kim olduğunu maraqlandım. O da mənim kimi pandemiyanın zərbələrindən qorunmağa çalışırdı. Yoldaşı onu 2 körpə ilə qoyub getmişdi, həm də belə bir vaxtda.

Elə kədərlənmişdim ki, evdə özümə yer tapa bilmirdim. Otaqdan otağa vurnuxub, dilxor halda pəncərələrdən asılıb qalmışdım. O qadın yenə zibilliyi axtarmağa gəlmişdi. Axtardığını tapacağına şübhəm var idi.

Evdə olan ərzaqlardan bir paketə yığıb aşağı düşdüm. Zibil qutularının yanına gedib həmin qadını axtardım gözlərimlə. Tapa bilmədim. Məhəlləni dolaşıb növbəti zibil yeşikləri olan yerə getdim. Burda idi. Asılmış quru çörəkləri yoxlayırdı. Ona yaxınlaşıb öncə “salam” vermək istədim, ancaq utanıb qaçacağından ehtiyat edib, sadəcə əlimdəkini ona uzatdım. Çox təəccüblənmiş, həm də pərt olmuşdu. Doğrusu mən də nə deyəcəyimi bilmirdim. Paketi verib tez evə yüyürdüm. Elə yüngül hiss edirdim ki özümü, quş kimi uçurdum sanki. Bir insana əl uzatmağın məni bu qədər sevindirəcəyini təsəvvür belə etmirdim. Öyrəndim. O sevinci təkrar yaşamaq istədim. Növbəti gün əczaçı qadından ərzağa ehtiyacı olan başqa insanlar varmı deyə soruşdum. Aldığım cavab qarşısında dəhşətə gəldim. Məgərsə ölkə olaraq nə yaman kor imişik.

Uşaqların köhnə geyimlərindən paketlərə yığıb aptekə yollandım. Bunları ehtiyacı olanlara vermək istədiyimi, hətta ərzaq köməkliyi də edə biləcəyimi söylədim. Içimdə balaca bir xeyriyyəçi böyütmüşdüm sanki. Tək içimdə yox, evimdə də. Oğlum da oynamadığı oyuncaqlardan bir paket hazırlamışdı.

Əczaçı qadın sayəsində xeyriyyə işi bütün məhəlləyə yayıldı. Bu qonşudan, o qonşuya, o mərhələdən, bu məhəlləyə hamı bu təşəbbüsə qoşulmaq istədi. Məgərsə kor olsaq da, hisslərimiz hələ ölməmişdi. Hamı geyinmədiyi geyimləri, əşyaları aptekə daşımağa başlamışdı. Ehtiyacı olanlar gəlib aptekdən lazımı əşya və geyimləri götürür, hansı ərzağa ehtiyacları var idisə adını dəftərə yazıb gedirdilər. Bu mənim fikrim idi. Eyni zamanda əşya köməkliyi edənlər ərzaq siyahısına baxıb imkanı çatandan yaxınlıqdakı marketdən alıb aptekin yardım qutusuna qoyurdular. Bəli, adını belə qoymuşduq yardım qutusu.

Qısa bir zaman ərzində yardım qutusu məhəllənin ən önəmli ziyarət obyektinə çevrildi. Marketə girən artıq nə isə alır, sonra yardım qutusuna gətirib qoyurdu. Ehtiyaclılar aptekə əliboş girir, çörək, yağ, meyvə ilə çıxırdılar. Qutumuzda hətta maska, spirt və bu kimi vacib dərman preparatları da alınıb qoyulmuşdu.

Artıq marketə gedərkən 2 çörək alır, birini evə aparır, digərini isə aptekə yardım qutusuna qoyuruq. Oğlum özünə şirniyyat aldıranda mütləq bir ədəd artıq götürür, mənə baxıb: “Ana, bunu yardım qutusuna qoyaq”-deyir. Məncə bu bir uşaq üçün ən gözəl vərdiş olmalıdır, paylaşmaq vərdişi.

Daha o qadını zibilliyi axtaran görmürəm. Bu da məni cox sevindirir. Pandemiya dövründə insanlara belə bir gözəl vərdiş qazandıra bildiyim üçün çox fərəhlənirəm. Əslində insanların sadəcə təkana ehtiyacı var imiş. Kiçik bir qığılcım ilə yardım sevincinin dadına baxmış, birlik göstərmişdilər. Bəlkə o qadınla bir daha görüşə bildim və inşallah bu zibillik kənarında olmayacaq.

İlk Yorumu Siz Yapın

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir