İtirdiklərimiz və qazandıqlarımız

Yazar: Hüsniyyə Əliyeva

Son 1 ilə yaxın müddətdir ki, hamının həyatını ortaq nöqtədə birləşdirən bir virus- Covid-19 meydana çıxdı. Bəs biz bu müddət ərzində 1 dəfə də olsa mövcud vəziyyətin bizdən aldıqları ilə bərabər bizə qazandırdıqları barədə düşünmüşükmü? Ölümcül xarakter daşıması ilə virusun insanların qarşısına çıxardığı problemlər bunlardır:

Birincisi, yoluxanların və ölənlərin sayı hər keçən gün artmağa davam edir. İnsanların fiziki zərər görməsi ilə bərabər psixoloji travma alması da bura aiddir. Bundan əlavə, maska taxmaq, sosial məsafə saxlamaq, hətta evdə qalmaq öz mənfi təsirini göstərdi.

Digər problem isə səhiyyə sisteminin normadan artıq yüklənməsidir. Cəmiyyətin ilk dəfə rastlaşdığı bu virusa üstün gələ biləcək peyvəndin olmaması, tənəffüs aparatı və həkim çatışmazlığı, ən əsası digərlərinin canını xilas edərək öz həyatlarını riskə atan fədakar tibb işçiləri….

İnsanların illərlə öyrəşdiyi mühiti dəyişməyi nəticəsi olaraq ailədaxili münaqişələr də çoxaldı. Eyni evdə yaşayan ailə üzvlərinin belə yola getməsi çətin hal almağa başladı. Təkcə Azərbaycandakı statistikaya əsasən ilk 10 ayda boşanmaların sayı 12347-ə çatıb.

Naməlum şəkildə peyda olan gözəgörünməz düşmənin yaratdığı problemlər insanların işindən və büdcəsindən də yan keçmədi. Turizm sahəsinin durğunluğu, şəxsi biznesin çökməsi, bir çox sahibkarın iflasa uğraması, işçilərin işsiz qalması buna nümunədir. Ən bariz nümunə kimi ABŞ, Fransa, İngiltərənin məşhur geyim, kosmetika brendlərinin belə bu dövrdə müflisləşməsini göstərmək olar.

Sadalanan mənfi nəticələrə baxmayaraq, Covid-19 virusunun, karantin rejiminin özünəməxsus müsbət tərəfləri var:

Məsələn, ciddi rejimdə işləyən, övladlarına vaxt ayıra bilməyənlər üçün fürsətə çevrilən bu rejim onların çoxdan planını qurduğu şeyləri həyata keçirməyə şans yaratdı. Birlikdə film izləmək, həmişə növbədə olan və ya evə yorğun gələn, hətta bəzən axşam üzlərini belə görə bilmədikləri valideynlərindən nağıl dinləmək, onlarla birgə oyunlar oynamaq uşaqlar tərəfindən xoş qarşılandı.

İnsanların, xüsusilə gənc nəslin uzun müddətdir xəyalını qurduğu, lakin vaxt azlığından həyata keçirə bilmədiyi bir çox planını reallaşdırmağa böyük şans yarandı. Beləliklə, insanların əksəriyyəti özləri ilə tənha qaldıqlarına görə özlərinə belə məlum olmayan xüsusi bacarıq və istedadlarını belə kəşf etdilər.

Günümüzdə sosial şəbəkələrin reytinq göstəricisi və istifadəçilərin də yeniliklərlə ayaqlaşması göz qabağındadır. Yeni növ koronavirusa görə tətbiq olunan karantin rejimi şəraitində sosial şəbəkələrdə yayılan #evdəqal( #stayhome) həştəqləri ilə də sanki istifadəçiləri bu rəqabətə girib evdə qalmağa meylləndirirdi.

ABŞ və Britaniyanın məşhur universitetlərinin təşkil etdiyi kurslar, təlimlər; şöhrəti dünyanı gəzən və bir çox insanın xəyalına çevrilən muzeylərin onlayn formatda ödənişsiz olması karantin şəraitində evdə qalan insanların, xüsusilə tələbələrin qazandığı şanslardan oldu.

Dövlətin göstərdiyi yardımdan əlavə mülki şəxslərin birliyi nəticəsində aztəminatlı ailələrə maddi yardımın göstərilməsinin də şahidi olduq.

Əsas məqam isə karantin rejiminin bizə dünyanın, həyatın hamı üçün eyni dəyərə malik olmasını öyrətməsidir. Virusun dünyanın dörd bir yanına yayılması bu vəziyyətə görə hər hansı irqi, dini, milləti günahkar saymağın ədalətsizlik olmasını və insanları “Çin virusu” düşüncəsindən azad olmağı öyrətdi. İnsan övladının daim daha yaxşıyam meyl etməsi, özünü digərlərindən fərqləndirməsi, indiki situasiyada dəyişdi və hamı üçün hər şey eyniləşdi. Dünya üzrə bütün insanların tək qayğısı virusa qarşı mübarizə aparmaq, yoluxmadan qorunmaq oldu. İnsanlar dərk etdi ki, xəstəlik, ölüm cins, irq, din, vəzifə bilmədən hamıya aid olur. ABŞ-ın sabiq prezidenti D. Trampın, Böyük Britaniyanın baş naziri B. Consonun və bir çox siyasi, elmi xadimlərin, məşhurların da bu virusa yoluxması və mübarizə aparması buna bariz nümunədir.

Qısacası, rastlaşdığımız bu şərait bizə çox böyük həyat dərsi oldu. Can sağlamlığının malik olduğumuz ən dəyərli şey olduğunu bizə başa saldı. Əvvəllər günlərə böldüyümüz işlərimizi aldığımız bir neçə saatlıq icazəyə sığdırmağımız bizə vaxtın necə qiymətli olduğunu öyrətdi. Bəzən bəyənmədiyimiz, köhnə adlandırdığımız el adətlərimizin (toy, xına mərasimləri, Novruz bayramı) həyatımıza rəng qatdığını başa düşdük.

İndi də bu amansız virusa qarşı mübarizə aparmağımıza baxmayaraq, “köhnə normaları” əldən verməmək üçün “yeni normalara” müvəqqəti olaraq dözmək, özümüzü qorumaq lazımdır. Əlimizdə olanın dəyərini anlamaq, bizə bəxş edilən hər şeyin qədrini bilməklə bu savaşda qalib gəlməliyik!

Ədəbiyyat siyahısı:

1.guernseypress.com

2.acc.org

3.kidshelpline.com.au

4.dim.gov.az

5.hürriyet.com.tr

İlk Yorumu Siz Yapın

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir