Korona virus insanlığa nələri öyrətdi?

Yazar: Sabina Əzimli

Dünyamız artıq bir ildir ki, korona virus bəlasından əziyyət çəkir. İlk başlarda bu virus bir qisim insanlara faciə kimi görünürdü və dünyanın bir fəlakətin astanasında olduğunu düşündürürdü. İnsanlar artıq həyatlarının və planlarının alt-üst olduğunu, bir daha xoşbəxt ola bilməyəcəklərini, hətta dünyanın sonu çatdığını düşünüb təlaşa düşməyə başlamışdılar. Bununla yanaşı virusun mövcudluğuna inanmayıb, öz fərziyyələrini irəli sürən bir qrup insanlar da vardı. Lakin, zamanla virusun gerçəkliyi öz təsdiqini tapmağa başladı. Artıq hər kəsin ərtrafında ən azı bir nəfər də olsa, bu virusu keçirmiş şəxs var.

Bir çox dünya ölkələri pandemiya şəraitilə əlaqədar xüsusi və ya sərt karantin rejiminə keçid etmiş, fərdi qoruyucu vasitələrdən istifadə etməyərək özünün və ətrafındakı insanların həyatını riskə atanlara müxtəlif cəzalar tətbiq etməyə başlamışdır. Virusun həyatımıza anidən daxil olması və bütün bu tədbirlərin həyata keçirilməsi ilk başlarda insanlarda ruh düşkünlüyü, aqressiya yaratsa da, zamanla hər kəs mövcud vəziyyətə öyrəşmiş, məsələnin ciddiliyinin fərqinə varmışdır.

Əlbəttə həyatımızın birdən-birə dəyişməsi hamımız üçün müəyyən çətinliklər törətmişdir. Xarici ölkələrə səyahətlərin dayandırılması, təhsil müəsissələrinin və iş yerlərinin onlayn rejimə keçməsi, ümumiyyətlə, istədiyimiz zaman istədiyimiz yerə gedə bilməmək – bütün bunlar bizə azadlığımızın məhdudlaşdırılması kimi görünə bilər. Lakin, bu çətin vəziyyətdən hər birimiz nəticə çıxarmalıyıq. Necə deyərlər, məsələyə bardağın dolu tərəfindən baxmaq lazımdır.

Bütün dünyaya dəhşət saçan korona virus, digər tərəfdən hər kəsə pis, yaxşı dərslər verdi. Pandemiya şəraitindən öncəki həyatımız üçün darıxarkən, “kaş ki”lərimiz də dayanmadan artır. Bir yandan da fərqinə varmadığımız gerçəkliklərlə üz-üzə gəlirik.

Korona virus bizə sağlamlığımızın hər şeydən önəmli, ən böyük zənginliyimiz olduğunu xatırlatdı. Xoşbəxtliyin malda, mülkdə olmadığını, sağlam nəfəs almağın ən böyük xoşbəxtlik olduğunu öyrəndik. Xoşbəxtliyi yalnız xarici ölkələrdə, parklarda, ticarət mərkəzlərində, restoranlarda deyil, ailəmizin yanında, isti evimizdə tapa biləcəyimizi gördük. Ən xırda şeylərlə xoşbəxt olmağı öyrəndik.

Korona virus bəlkə də əvvəllər çoxumuzun o qədər də diqqət yetirmədiyi gigiyena məsələsini də gündəmə gətirdi. Artıq hamımız çöldən evə gələndə, yeməkdən öncə, hətta qəfil ağlımıza gəldiyi zaman da “hər ehtimala qarşı” qalxıb əllərimizi təmiz-təmiz yumağa başladıq. Bu dövrdə, yediklərimizin, içdiklərimizin və əllərimizin necə təmizlənməli olduğunu öyrəndik. Onu da düşündük ki, bizi bu virusdan pulumuz, mal-mülkümüz, fiziki gücümüz, gözəlliyimiz, zəkamız yox, sadə bir maska və sosial məsafə qoruyacaq.

Bu ağır dövrdə bizim üçün öz sağlamlıqlarını təhlükəyə atan, günlərlə, aylarla öz ailəsindən uzaqda bizim üçün gecə-gündüz demədən çalışan “görünməz qəhrəmanlar”ımızın – səhiyyə işçilərimizin əziyyətlərinin fərqinə vardıq. Onların cəmiyyətdəki rollarının nə qədər böyük olduğunu xatırladıq.

Səhiyyə işçiləri ilə yanaşı, təhsil işçilərinin də vəzifələrinin nə qədər ağır olduğunu anladıq. Biz evdə bir uşağın başını qarışdırmaqda çətinlik çəkərkən, müəllimlərimiz uşaqlarla dolu sinifi hər gün saatlarla idarə etməklə yanaşı, onlara təlim-tərbiyə də verir.

Virusdan əvvəlki həyatımızda işlərimizin və problemlərimizin çoxluğu səbəbindən ikinci plana keçirdiyimiz ailələrimizin, valideynlərimizin, uşaqlarımızın və dostlarımızın dəyərini anladıq. Sevdiklərimizlə sosial məsafəmiz artsa da, emosianal olaraq yaxınlaşdıq.

Bununla yanaşı, yenə də işlərimizin çoxluğundan vaxt ayıra bilmədiyimiz hobbilərimizə ayıracaq bol zamanımız oldu. Siyahımızdakı filmləri izlədik, oxumaq istəyib də vaxt tapa bilmədiyimiz kitabları oxuduq, qısacası sevdiyimiz işlərdən həzz alaraq onlarla məşğul olduq.

Biz evdə qalarkən, ana təbiət də dərin bir nəfəs aldı. Hava təmizləndi. Çayların, göllərin suyu şəffaflaşdı. Sahildə, kanallarda balıqlar üzməyə başladı. Canlı aləm insan kütəsindən uzaqlaşıb istirahət etdi.

Bütün bunlarla yanaşı, bir çox insan virus səbəbilə iş yerlərini itirdi.Bu çətin dövrdə ətrafımızda korona virusun ağır şərtlərindən əziyyət çəkən ailələrə, insanlara bacardığımız qədər əl tutmaq, köməyimizi əsirgəməmək hər birimizin insanlıq borcudur.

Bütün dünyada virus daşıyıcılarının vücudundakı bu virusun kütləsi cəmi iki qramdır. Necə qəribədir, elə deyil mi? Dünyanı iflic edən cəmi-cümlətanı ikicə qramlıq bir virusdur.

Gəlin, bu dövrdə mümkün qədər evdə qalıb xoşbəxtlik anlayışımızı bir daha gözdən keçirək və yaşadığımız həyatdan bacardığımız qədər zövq alaq.

Ədəbiyyat siyahısı:

  1. https://timesofindia.indiatimes.com/blogs/O-zone/lessons-corona-teaches-us-we-are-all-in-this-together/
  2. https://theconversation.com/five-things-coronavirus-can-teach-us-about-life-and-death-135157
  3. https://www.turizmgunlugu.com/2020/03/21/ilahi-mudahale-gibi-gelen-coronavirus-sizce-topluma-ve-insanliga-ne-ogretti/amp/
  4. http://m.samsunkenthaber.com.tr/yazar/dilek-akin/korona-virus-sinavi-ve-ogrettikleri/525.html
  5. https://www.bbc.com/turkce/haberler-dunya-51360544
  6. https://www.bbc.com/turkce/haberler-dunya-51177538

İlk Yorumu Siz Yapın

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir