“Covid-19” pandemiyasının həyatımıza təsirləri

Yazar: Telman Hacıyev

Pandemiya dövrünün mənfi təsirləri haqqında demək olar ki, hər kəs məlumatlıdır. İqtisadiyyata, səhiyyəyə, incəsənətə və cəmiyyətin sosial həyatına pandemiyanın vurduğu zərərləri saymağa çalışsaq, bitirə bilmərik. İnsan beyninin neqativlərə köklənməyə meyilli olduğunu da nəzərə alsaq, insanların mütləq əksəriyyəti bu zərərləri durmadan düşünür. Ona görə də bu məqalədə pandemiyanın mənfi tərəflərinə yönəlməyəcəm. Bəs pandemiyanın müsbət tərəfləri nədir? Ümumiyyətlə, müsbət tərəfi var? Təbii ki, hər şeydə olduğu kimi pandemiyada da müsbət tərəflər var. Sadəcə bunları görməyə cəhd etməliyik. Müsbət deyərkən, tibbi maska və spirt istehsalatı biznesinin qazanclarını nəzərdə tutmuram. Mənəvi cəhətdən bizə təsir göstərən müsbət dəyişikliklərdən bəhs edirəm. Məsələn, pandemiyadan öncə o qədər sürətli həyatımız var idi ki, heç düşünməyə belə vaxt tapmırdıq. Mənəvi dəyərlərimizi kəşf edə bilmirdik. Yaşadığımız həyat o qədər adiləşmişdi ki, artıq heç nədən həzz ala bilmirdik. Daim cibimizi doldurmağı düşünməklə, maddi vəziyyətimizi yaxşılaşdırmaq uğrunda dayanmadan çalışmaqla, eyni zamanda mənəvi cəhətdən nə qədər kasadlaşdığımızın fərqinə belə varmırdıq. Yarış atları kimi daim bir-birimizlə yarışır, gündəlik rutinlərimizi belə həzz almadan, şüursuzcasına yerinə yetirirdik. Pandemiya və karantin bizə dayanmağa, düşünməyə və sakitləşməyə vaxt verdi. Həyatın sadəcə işdən və puldan ibarət olmadığını göstərdi. Sağlamlığımızın, düşüncələrimizin və hətta adicə parkda rahat gəzməyin dəyərini bir daha gözdən keçirməli olduğumuzu öyrətdi. Həyatda heç nəyin əbədi olmadığını və həyatın daim istədiyimiz kimi gedə bilməyəcəyini göstərdi. Doğrudur, çətinliklər çoxdur, amma çətinliklər və problemlər olmadan, özümüzü dəyişdirə və güclənə bilmərik. Daim xəstələnmək qorxusu, sevdiklərimizi itirmək qorxusu, maddi problemlər və məhdud həyat tərzi bizə özümüzü dəyişmək və hələ sahib ikən əlimizdəkilərin dəyərini bilmək üçün şans yaradır. Həyatda hər bir çətinlik bizim üçün bir müəllim rolunu oynayır. Pandemiya dövrü xüsusilə, gənc nəsil üçün fərqli rol oynadı. 90-cı illərdə anadan olan gənc kimi etiraf edirəm ki, bizim gənc nəslin böyük bir qismi rahatlıqdan və konfort zonasında ilişib qalmaqdan əziyyət çəkir. Əksəriyyətimiz hər şeyi rahatlıqla əldə etməli olduğumuzu düşünürük. Keçmiş nəsillərin vəba xəstəliyi, dünya müharibələri və s. kimi böyük problemlərlə savaşdığını nəzərə alsaq, bizim başımıza gələnlər nisbətən kiçik bir imtahandır. Həm də biz bu cür çətinliklərə qalib gəlməklə bizi zəif görən və bacarıqsız olduğumuzu düşünən əksər yaşlılara onların düşündüklərinin əksi olaraq, necə güclü, səbrli və möhkəm olduğumuzu sübut edirik.

“Covid-19” pandemiyasının bizdə formalaşdırdığı müsbət vərdişlər də var: Təmizliyə və gigiyena qaydalarına riayət etmək, sağlamlığımıza qarşı daha məsuliyyətli olmaq, immunitetimizi gücləndirmək üçün zərərli qidalardan imtina edib, daha faydalı qidalardan istifadə etmək və sağlam həyat tərzinə keçməyimizi bunlara misal göstərmək olar.

Ölkə olaraq, 2020-ci il bizim üçün çox ağır və stressli keçir. Başda “Covid-19” pandemiyası olmaqla, müharibənin gərginliyi, yaşayış standartlarının aşağı düşməsi və s. kimi amillər buna səbəb olur. Belə günlərdə hər kəsə daha səbrli və ümidli olmağı tövsiyə edirəm. Bu çətinliklərin öhdəsindən yalnız birlikdə gələ bilərik. İnanıram ki, Allahın izniylə qarşıda bizi gözəl günlər gözləyir.

İlk Yorumu Siz Yapın

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir