Qovuşmaq

Yazar: Xədicə Mehdizadə
COVİD-19… Sən nə qəribə xəstəliksən ki, sənə yoluxmayanlar belə qorxusunu içində gəzdirir. İlk aylarda necə də inanmışdım sənə. Sadəcə müsbət tərəflərini düşünür, distant işimlə, maraqlı hobbilərimlə günlərimi keçirirdim. Eyvanda əyləşib hər gün səhər saat 6-da Dostoyevskini, Qoqolu, Cek Londonu, Səbahəddin Əlini qonaq edir, onlarla yalnızlığımda dərdləşirdim, hər birini çox sevirdim. Lakin karantin şərtləri yumşaldıldıqdan sonra, təbiətin sevgi dolu qollarına yenidən qayıtdım, gün keçdikcə qonaqlarım da məni evdə tapmadıqları üçün qapımı çalmamağa başladılar.

Karantin yenə də sərtləşdirildi, xəstəlik artdı. İndi isə daim dəyişmək məcburiyyətində olan ruhum nə etməli olduğunu bilmir. Ən böyük problemim elə budur. Kamyu demişkən, deyəsən bu xəstəliyin pəncəsində Tanrı işığından uzaq yaşamağa məcburuq. Bu zalım düşmənin təbiətin təbii seleksiyası olduğu deyildi. Karonavirusu normal qarşılamağımız üçün bugünə qədər təbiəti vəhşicəsinə istimar etdiyimiz günləri önə çıxardılar. Necə də gülüncdür… Bu xəstəlik əgər bir məsum canı, bir fədakar həkimi, bir günahsız uşağı belə yox edirsə, bu boyda ədalətsizliyə dözmək necə mümkündür?

Sağlam insanlar bu “can pazarı”nda çölə çıxa bilməməyi, maddi durumlarının getdikcə çökdüyünü dilə gətirərək karantinin bitməsini istəyirlər. Sizcə haqlıdırlar? Özlərinə görə bəli, çünki içəridə çöldəkindən daha pis nə ola bilər? İnsan tək qalmağa öyrəşməyibsə, heç vaxt karantini fürsətə çevirə bilməz. Sizi inandırım ki, bizim heç birimiz yanlızlığın nə qədər böyük nemət olduğunun fərqində deyilik. Çünki bizə belə aşılanıb ki, mütləq yanında kimsə sənə dayaq durmalı, “ağıl ağıldan üstündür” ideologiyası ilə bütün fikirlər gün işığında olmalıdır. “Dil fikri açmaq üçün yox, fikri gizlətmək üçündür” ifadəsinə diqqət yetirən insanlar isə hazırda karantində mənəviyyatını da, maddi durumunu da yaxşılaşdırmağı bacardı.

Qarabağ müharibəsinin gətirdiyi qələbə sevinci, şəhidlərimizin, qazilərimizin, Vətən oğullarının əzmkarlığı hər kəsdə ruh yüksəkliyi yaratsa da, bir o qədər də insanlarımızın qəlbinin həssaslaşmasına səbəb oldu. Şəxsi düşüncəm bu yöndədir.

Mən də işimi məsuliyyətlə görməyə çalışıram, yoldaşlarının kədərini, dərdini ürəyində daşıyan tələbələrimizə faydalı olmaq üçün əlimdən gələni edirəm. Bütün bu fəlakətlərin, çətinliklərin mənə qazandırdığı vərdiş həddən artıq anlayışlı, səbirli və diqqətli olmağı özümə təlqin etməkdir. Bir ilin içərisində bizim nəslin üzləşdiyi çətinliklərlə çarpışmaq, “Qarabağ” mirasının geri qaytarılması məgər az şücaətdir? Hər bir azərbaycanlı gənclərimizə layiq olduğu dəyəri verməli, onların inkişafına dəstək olmalıdır.

Karantin təbii ki, bütün imkanlara virtual sərhədlər çəkir. Xoşbəxt düşüncələrə özümü öyrəşdirmişəm, lakin yaşamaq çox daha anlamlı, hüdudsuz olmalıdır. Bakı küçələrində saatlarla yağışın altında gəzib islanmaq kimi, qaranlığa bürünmüş teatrın sıralarında yenidən əyləşmək kimi, konsert zalında Qarabağ Şikəstəsini eşitmək kimi, gördüyün ilk gülən nənəni qucaqlamaq kimi, məktəb və bağçalardan uşaq səslərinin tüğyan etməsi kimi…

Məqaləmi məşhur türk şairi Nazim Hikmətin sözləri ilə bitirmək istəyirəm: “Yaşamak bir ağac gibi, tek ve hürdür, lakin orman gibi kardeşcesine, bu hasret bizim…”

İlk Yorumu Siz Yapın

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir