Yoxluq – varlığın səbəbi kimi

Yazar: Rüstəm Əzimov

İnsanlar ölməmək üçün işləyir. Amma ölmək var, ölmək var. Bəzilərinin yaşamı öləndə bitir, bəziləri yaşarkən ölürlər.

Bəziləri ölməmək üçün işləyir, bəziləri yaşaya bilmək üçün. Pul isə pula ehtiyacı olanların oyuncağıdır. Bu ehtiyac ölməmək üçün işləməyə möhtac olanlar üçün od, torpaq, su və havadan sonra həyatın beşinci elementi kimidir. Pul olmasa bu adamlar yeməyə yemək, içməyə su tapmazlar. Pul olmasa bu adamlar müalicə ola, övlad dünyaya gətirə, soyqudan qoruna, istidə rahatlaşa bilməzlər! Pul olmasa bu adamları təkcə basdıran tapılar, o da meyitləri iylənib digərlərini narahat eləməsin deyə. Bəziləri isə ya imkanlılıqdan, ya da vecə almamaqdan ölümü ciddi qəbul etməyin daşını atmış, “necə daha yaxşı yaşaya bilərəm” dərdindədirlər və bu adamların dramı heç də yaşamaq üçün işləməyə məcbur olanların dramından az deyil. Dövrün işlə-işləməklə bağlı əsas problemi işləməyə iş tapmamaqdan gənclərin sevdiyi işi tapa bilməməsinə, “kasıblıq” sözünün mənası acından ölməkdən maaşının dörd qatına aldığı telefonun kreditini ödəyə bilməməyə doğru dəyişdikcə ölməmək üçün işləyənlər həyatlarını gözəlləşdirmək üçün çalışanlarla əvəz olunacaq, ağır sənaye büsbütün avtomatik cihazlara həvalə ediləcək və insanlar daha çox yazıçılıq, rəsm, musiqi kimi sahələrə üz tutacaqlar. Beləcə bir qarın çörək üçün əziyyət çəkib, tər töküb, zəhmətlə tikib ərsəyə gətirdikləri halda ucaltdıqları binaların bir daşında belə adlarının keçmədiyinə görə özlərini dəyərsiz hiss edən fəhlələr Aristotelin ruhun üçüncü hissəsi olaraq qeyd etdiyi tələbatlarını ödəyə biləcəkləri bir işlə məşğul olacaq, özlərinə qoyduqları hörməti axır ki digərlərindən də görə biləcəkdilər. İnsanlar toxluğu aclıqdan daha yaxşı tanıdıqca ruhun digər oyuncaqları olan arzu və ağıl öz əhəmiyyətini itirəcək, tox olan hər qarının dünyanın ən gözəl neymətlərinə ikrahla baxdığı kimi vaxtı ilə ayaqlarının ağrısından yata bilməyənlər heç bir işlə məşğul olmamaqdan yorğun düşəcək, yemək və suyun yalnız ac və susuzları xoşbəxt etdiyini bilib imkanları olduğu halda iştahdan kəsiləcək, fürsətləri olduğu halda təhsil və maarifin arxasınca getməyəcəklər. Beləcə dəyərsizlik hissini ört-bastır etmək – fəxr və vüqardan, şan və şöhrətdən onlara heç nəsib olmayacağı halda fəhlələri işləməyə sövq etmək və ya kifayət qədər pulu olduğu halda bundan başqa heç nəyi olmadığına görə kifayətdən artığını arzu etmək üçün lazım olan oyuncaq – pul bəşəriyyət böyüdükcə öz hökmünü itirməyə başlayacaq. Pulun mühüm sayılmasının daha bir səbəbi qalmayacaq, həyat bizi var olmayan bir şeyin – pulun varlığını qəbul etməyə məcbur etmədiyindən maaş nəinki işimizə görə məmnun olub-olmamağımıza, ümumiyyətlə, heç nəyə təsir etməyəcək. Çünki pulu haqqında danışılacaq qədər dəyərli qılan şey özü ya onun olmaması, ya da ondan başqa heç nəyin olmaması idi. Bu şərtlərin hər ikisi aradan götürüldükdə Herbert Uelsin “Zaman maşını”ndakı “eloy”lar kimi işimiz gül yığmaqdan ibarət olacaq. Ancaq hər yer üzünün bir altı var deyə ya çiçəklərin məhdudluğundan, ya da Dostoyevskinin “Yeraltından qeydlər”də yazıya aldığı xəstə bir tərslikdən kimilərimiz yeraltı canavarlara – marloklara çevriləcək, beləcə birlikdə öz dünyamızı başımıza uçuracaq, resursların hamıya çatmayacağını düşünüb dəhşətə qapılacaq, guya hamının yaşamaya biləcəyi ehtimalı var deyə çox adamı ölümə sürükləyəcək, dünya müharibələri çıxaracağıq. Beləcə yaşamaq üçün pula ehtiyac duyarkən, pul silaha çevriləcək və, bəlkə, o da başqa bir şeyə. Biz bizi dəyərli hiss etdirəcək həyatı yaşaya bilmədikcə, ya da sadəcə yaşamadıqca ruhumuzun bitib-tükənməyən istəklərini ört-bastır eləmək üçün başqa-başqa vasitələr tapacağıq və onda pulun həqiqətən də sadəcə bir heç olduğu başa düşüləcəkdir.

Bizi pula məhkum edən həyatlarımız necəsə dəyişmədikcə iş əvəzi aldığımız pulun dəyişməsi sadəcə keçici bir sevinc gətirəcək, istənilən məbləğ bir müddətdən sonra adiləşəcək və bizi tətmin etməməyə başlayacaq.

Qaldı, müsabiqənin sualının cavabına: Yüksək gəlir əldə etmək yırtıq qabı suya tutmaq kimidir və su bərk axanda yırtıq da olsa, qab, həqiqətən, dolur, ancaq bu, çox çəkmir. İşindən məmnun olmaq üçün yüksək gəliri vacib saymaq isə insan ruhundakı açıq yaraların carçısıdır. Ən ağır yara imkansızlıqdır!

İlk Yorumu Siz Yapın

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir