Yüksək gəlir, yoxsa yüksək dəyər?

Yazar: Türkan Məcidova

Həyətimizin böyük  darvazası var idi. Mən də əlimə hardan tabaşir keçsə, tutub o darvazını yazırdım. Qonşudakı uşaqlardan kim əlimə düşsə, olurdu mənim şagirdim. Həmişə nə isə izah edib başa salırdım. Şagird vacib deyildi, təkbaşıma da oynayanda çox vaxt “müəllim” olurdum. Hərdən düşünürəm ki, o vaxtki cəsarətimi yeni-yeni işə başlayan vaxtlarımda itirmişdim. Bildiyim hər hansı mövzuda belə həyəcandan səhv etdiyim zamanlar da çox olub. Amma yenə də müəllimliyin ətəyini buraxmamışam. Zamanla sinif otağına girmək, öyrənənlərlə ünsiyyətdə olmaq, “müəllim” deyə çağırılmaq həyatımın ən əsas parçasına      çevrildi.
Bu gün dünyadakı daha yaxşı inkişaf etmiş ölkələrlə ölkəmiz arasında olan əsas fərqlərdən biri də, müəllimliyə verilən dəyərlə, qiymətlə bağlıdır. Hətta bir neçə gün öncə, sosial şəbəkələrin birində bir cümlə ilə rastlaşdım. Deyirdi ki, indi Azərbaycanda müəllim olmağa nə var, hamıda müəllim diplomu var, kimi dindirsən, müəlliməm deyir… Bunu yazan bir xanım idi, özü başqa peşənin sahibi, amma yəqin ki, haçansa onun da əlinə qələm verib həyatında nələri isə yazmağı öyrədən müəllimi, müəllimləri olub. Sözüm onda deyil, cümlədəki ironiyada, lağlağıdadır. Düşündüm, belə nəticəyə gəldim ki, yanlışlıq o xanımda deyil, ümumən bizim millət olaraq düşüncəmizdədir. Hər kəs dünyanın ən ali peşəsi olduğunu söyləsə belə, lazımi qayğını göstərmədiyi müəllimlik peşəsinin, ona ayrılan əmək haqqının da el arasında yumora çevrildiyi bir ölkədə, artıq hər cüzi məsələdə bütün müəllimlərin lağa qoyulmasını, təəssüf ki, normal qarşılayırıq. Hamının əlində məktəb diplomu varmı deyədir bu münasibət, yoxsa maaşı az olduğuna görəmi? Artıq hamımıza aydın olduğu kimi, ən ali sənət sahəsi belə olsa, yüksək gəlirli maaşı yoxdursa, o sənətə əksəriyyət saymazyana yanaşacaq.

Məsələnin bir də mənəvi tərəfi var, əlbəttə. Çünki müəllimlik, dəyəri pul vahidi ölçülməyəcək qədər yüksək bir sənətdir. Məhz buna görədir ki, mənə sənətimi sevdirən və ya onu mənim gözümdən salmayan ona ayrılan əmək haqqı deyil. Müəllim tələbələrinə, şagirdlərinə ümid işığı ola-ola öz həyatını da aydınladır. Ümidlər ən sonda ölür, ona görə də, vəzifəsinin haqqını sonuna qədər ödəyən müəllimlər maaşlarından gileylənsələr də, onu sevməkdən əl çəkmir, əksinə yaranan bu vəziyyətin bir gün mütləq düzələcəyinə inanırlar. Eynən mənim kimi. Kaş ki, müəllimlər həmişə sirrli bir dünya olaraq qalsalar, uşaq olanda düşündüyümüz “müəllimin görəsən evi varmı?” fikri yenidən can    tapsa..

Maddiyyət əsasdır, hər kəs çalışıb əziyyət çəkdiyi işin bəhrəsini görmək istəyər. Çörəyini daşdan çıxarıb qəpik-quruşa işləyənlər də var, öz təhsilinə uyğun iş tapmayıb başqa işlərdə könülsüz çalışanlar da. Bir işdən məmnun qalmaq üçün yüksək gəlirlilik lazımdır, amma o işi sevmək üçün bu əsas deyil. Cəmiyyətin hamısı təhsil almalıdır deyə bir qanun yoxdur, amma çalışdığın işin peşəkarı olmaq vacibdir. Fikirlərimə Şərq filosofu Konfutsinin ifadələri ilə davam etmək istəriyəm: “Əgər sevdiyin bir işi seçmisənsə, həyatında heç vaxt işləmiş sayılmazsan.” Bununla belə, həm sevdiyin işi görüb, həm də həmin işdən pul qazanmaq mümkündür. Gənclər üçün ilkin hədəf pul yox, sənətə mükəmməl yiyələnmək olmalıdır. Sevmədiyin bir işin stresi onsuz da aldığın məvacibi ürək açıqlığı ilə xərcləməyə mane olacaq. Əhvali-ruhiyyə ilə qazanc bir-birinə bağlıdır, bu vəhdət isə uğurla nəticələnir. Yüksək gəlirli, ancaq ürəyincə olmayan bir    işdə   daima uğur qazanmaq   isə çətindir.

Son olaraq düşünürəm ki, gəlirdən və peşədən də əvvəl, düzgün sənət seçimi, daha doğrusu sevəcəyin sənəti seçmək çox əsasdır. Düşünsək ki, ixtisas seçdiyimiz yaş dövrü həyatınızın ən həssas və ziddiyyətli dövrünə təsadüf edir, ailə və müəllimlər yeniyetmə və gəncləri bu zaman düzgün yönləndirməlidirlər. Ailə öz istəklərini yox, övladlarının arzularını nəzərə almalı, müəllimlər isə şagirdlərdəki potensialı düzgün           dəyərləndirməlidirlər.

Nəhayət, yazımın əvvəlinə qayıtmış olsaq, təklifim və arzum budur ki, valideynlər övladlarının uşaq ikən ən çox “nə olduğuna” diqqət etsinlər, özümüz isə çalışaq ki, daxilimizdəki uşağa “xəyanət” etməyək.

Faydalandığım mənbələr

  1. https://m.haberturk.com/yazarlar/gulin-yildirimkaya/217326-para-kazandiran-is-mi-sevilen-is-mi-amp
  2. https://hrclub.az/az/blog/62

İlk Yorumu Siz Yapın

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir