“Oxu” kəliməsinin həyatımızda yeri

Yazar: Fəridə Həsənəliyeva

Hər bir insan yaşamaq üçün bilgiyə ehtiyac duyar. Doğulduğumuz andan başlayaraq bu sirli dünyada əlimizə bir yol almış oluruq. Və yaşımız artdıqca bilgiyə olan ehtiyacımız daha da artır. Bu səbəbdən insan oxumalıdır. Bəs nəyi? Oxuma dediyimiz qavram əslində 3 şeyi əhatə edir. Həyatı düzgün anlamaq və düzgün mövqe tutmaq üçün kitabları və onlarla yanaşı özümüzü, kainatı oxumağı bacarmalıyıq.

İçərisində bəlirli bir müddət yaşadığımız dünya deyilən yer bir sıra gözəlliklərlə bəzədilmişdir. Çıxarkən hər yeri öz nuruna qərq edən günəş, onun batması, gecəyə xüsusi yaraşıq verən ay və ulduzlar,yağışın yağması, nizamla enən qar dənəcikləri,  milyonlarla rəngbərəng bitkilər, heyvanlar və digər möcüzələr. Bunlarla yanaşı, dünyanın sərt üzü də var. Müharibə, xəstəliklər, yoxsulluq, bizə doğma olan insanların dünyadan köçməsi, zorakılıq və haqsızlıqlar. Bizə xoş təsir bağışlayan füsunkar gözəlliklərlə yanaşı bu üzüntü, hüzn verən hadisələr də Allahın bir neməti sayılır. Kainatı oxumaq dediyimizdə bu nəsnələrdən həyatımıza pay almaq, kamilləşmək, dünyanı tanımaq anlaşılmalıdır.

Bizə bəxş olunmuş ömür müddətində hər birimiz bir şəxsiyyət kimi formalaşırıq.  Bilgə böyüklər belə bir ifadə işlədir ki, hər kəs bəşərdir, ancaq hər kəs insan deyil. İnsan olmaq içimizə yolçuluq etməklə başlayır. Hər birimizin içində bir aləm gizlidir. Nə qədər kamil insan olacağımız o aləmə doğru etdiyimiz səfərlərlə bağlıdır. Yəni, insan özünü kəşf etməyi bacarmalıdır. Nöqsanlarından dərs çıxarmaq, pis vərdişlərini yaxşılarla əvəz etmək, səhvləri və qorxuları ilə üzləşmək insanları möhkəm bir şəxsiyyətə çevirər. Özümüzü oxumaqdan qəsdimiz tam da budur. İçimizdəki aləmi kəşf etmək, qabiliyyətlərimizi tanımaq doğru mövqe tutmağa da kömək edər bu dünya səhnəsində…

Və kitablar… Onlar da həyatımıza aldığımız insanlar kimidir. Əgər iç aləmimizi kəşf edə bilsək, doğru insanlar və kitabları alarıq həyatımıza. Onlar bizim dostlarımıza çevrilər. İstər yaxşı istərsə də pis günümüzdə yanımızda dosta ehtiyac duyarıq. Ruhumuza şəfa kimi gələr o dostlar. Kitablar da belədir. Xüsusilə də, bədii kitablar.  Bilgi əldə etmək üçün,ixtisas sahibi olmaq üçün hər nə qədər elmi kitablara müraciət etsək də, bizə bir xarakter biçəcək, kimliyimizə, ruhumuza bir qatqısı olacaq kitablar bədii kitablardır. Fərqli insan taleləri, fikirlər,hadisələr bu kitablarda cəmlənir. Bədii ədəbiyyat bizdə rastlaşdığımız insanlara, olaylara qarşı bir fikir formalaşdırır. Günlük işlərdən, qayğı və stresslərdən uzaqlaşıb hər gün ən az yarım saat bədii ədəbiyyat oxumaq mənəvi dünyamızın zənginləşməsinə çox böyük dəstək olar. Bunu vaxt itkisi kimi görmək isə bizi sanki robotlaşmış, duyğu yoxsulu  bir insana çevirər. Bəlkə də cəmiyyətimizin sanki quraq insan çölünə bənzəməsinin səbəblərindən biri də kitablardan uzaq düşməyimizdir.  Günümüzdə bir çox insanların şikayət etdiyi şeylərdən biri də əsəb gərginliyi və qarşı tərəfi anlamaqda çətinlik çəkməkdir. Bu da insani münasibətlərin dostcasına, mehribanlıqla qurulmasına böyük maneədir. Məhz bu sahədə bədii ədəbiyyat  bir növ terapiya vasitəsidir. Söz xəzinəmizin də zənginləşməsinə xidmət edən bu gözəl əsərlər düşüncə və hisslərimizi daha mükəmməl ifadə etməkdə bizə yardım edir. Odur ki, kitabları həyatımızın bəzəyi kimi görməli və ruhumuza uyğun bu nemətlərdən bol-bol yararlanmalıyıq.

İlk Yorumu Siz Yapın

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir